Tuesday, 18 August 2015

Təhsil mərkəzləri: yaxşını pisdən necə ayıraq? - Mövqe

Mənbə

Ölkədə xaricdə təhsilə maraq hər il xarici ölkələrə təhsil üçün müraciət edənlərin sayından acıq-aydın görünməkdədir.
Bu marağın mövcudluğunu göstərən digər göstəricilərdən biri də Bakıdakı təhsil mərkəzlərinin sayıdır. 

Açığı nə qədər sayda olduqlarını mən də bilmirəm, lakin əminəm ki, işini peşəkarcasına görən və başda biznesi yox, təhsili düşünənlərin sayı elə də çox deyil. Məqsədim kiminsə bostanına daş atmaq, ya da mübahisə doğuracaq situasiyalar ortaya qoymaq deyil. Hər halda kor kor, gör gör.

İndi hansısa bir təhsil mərkəzi açmaq və xaricdən partnyor universitetlər tapıb əməkdaşlıq etmək, deyərdim ki, su içmək kimi bir şeydir. Əslində, məsələnin digər tərəfi də fərdlərin sahibkarlıq qismində təhsilə olan marağıdır ki, bu hal tərifə layiqdir.

Ümid edək ki, illər sonra həmin fərdi sahibkarlıq özünü yüksək təhsil standartlarında, məktəblərin və universitetlərin yaradılması və ya digər layihələrdə biruzə verəcək. Hər halda ümid edək...

Lakin məsələnin vacib tərəfi işin peşəkarlığındadır. Təshil olduqca mühüm məsələdir. Həm də çox mühüm. O qədər mühüm ki, yol verilən səhvlər birbaşa cəmiyyətə təsir göstərməkdədir. Mənə maraqlıdır ki, ölkədə bu qədər təhsil mərkəzi olmasına rəğmən heç olmasa nəzarət edici hər hansı bir sistem, qurum varmı?

Ya da Təshil Nairliyinin heç olmasa ildə bir dəfə yoxlamasından keçirlərmi? Fikir verin, bazar bu tip mərkəzlər üçün çox acıqdır və asanlıqla bu işə başlayıb bazarda yer ala bilirsiniz. Lakin bu qədər sərbəstlik özbaşınalıq yaratmır ki? Təhsildə özbaşınalıq yolverilməzdir.

Bu işdə azdan-çoxdan təcrübəli biri kimi və vətəndaş olaraq düşünürəm ki, bazar hər nə qədər sahibkarlıq üçün açıq olsa da, təhsillə bağlı məsələlər mütləq aiddiyyatı qurumlar tərəfindən nəzarətdə olmalıdır. Bəlkə də Təhsil Nazirliyinin hər il bununla bağlı yoxlamaları, rəyi və ya buna bənzər hallar olur. Lakin niyə nəticələr cəmiyyət üçün açıqlanmır?

Cənab nazir Mikayıl Cabbarovun və komandasının məsələyə nə qədər şəffav yanaşacağından əminəm və ona görə də bu məsələdə Təhsil Nazirliyinin müdaxilə etməsə belə nəzarətedici bir qurum kimi fəaliyyətinə şad olardım.

Bir də digər aspektən düşünün: ölkədə hərbi xidmətdən boyun qacırmaq səbəbi ilə yox, sözün əsl mənasında xaricdə təhsil almaq, cəmiyyəti üçün faydalı olmaq istəyən gənclər var, onlara bu yolda dəstək olan valideynləri var. Sizcə də yuxarıda qeyd olunan məsələ onlara bu işdə yardımçı olmazmı? Ya da bu tip şirkətlərin işini daha effektiv və professional görməsinə təsir göstərməzmi?
Artıq bir neçə aya yenə ucuz və bayağı reklamlarla “fəsildən-fəsilə aktivləşən təhsil mərkəzləri” görünməyə başlayacaq. İşini peşəkarcasına görən təhsil mərkəzləri isə onsuz da işini görməkdədir. 

Onlara burdan uğurlar diləyirəm. Cəmiyyətə isə mesajim odur ki, təhsili ona xələl gətirəcək amillərdən qoruyun. Unutmayın ki, bizim əlacımız təhsildədir!

Günel Abdullayeva


No comments:

Post a Comment