Friday, 21 August 2015

Peşə məktəblərinin bugünki vəziyyəti – Mövqe

Mənbə

Təhsil Nazirliyinin rəsmi internet səhifəsinə  istinadən Respublikada ümumilikdə Bakı şəhəri üzrə 27, bölgələr üzrə isə 72  peşə məktəbləri və peşə liseyləri fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin 2014-cü ilə olan ilk peşə-ixtisas təhsil müəssisələri üzrə olan hesabatına görə isə rəqəmlər bu cürdür:

İlk peşə ixtisas təhsil müəssisələrinin sayı
112
İlk peşə ixtisas təhsil müəssisələrində şagird sayı
29.234 nəfər
İlk peşə ixtisas təhsil müəssisələrinə qəbul
16.066 nəfər
İlk peşə ixtisas təhsil müəssisələrindən məzun
16.708 nəfər

Bu kimi təhsil müəssisələri daha çox Tekniki avadanlıqlarla iş, Mühəndislik, Maşınqayırma, Nəqliyyat, Elektronika, İKT, Mühasibatlıq,Təsərrüfat işləri,  Aşbazlıq və Turizmçilik sahələr üzrə ixtiasaslaşmışdır.

İlk peşə-ixtisas təhsili bizim üçün nə dərəcədə vacibdir və biz bunun vacibliyini anlayırıqmı?
Gəlin ilk öncə bəzi hüquqi sənədlərə nəzər yetirək. “Təshil haqqında” qanunda göstərilir ki, cəmiyyətin tələblərinə uyğun ilk peşə və orta ixtias təhsil standartları və kirikulumu işlənib hazırlanmalıdır. Bundan əlavə əmək bazarı tələblərinə uyğun peşə məktəbləri kadr və mütəxəssis hazırlığını təmin etməlidir. Eyni zamanda “Azərbaycan 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da göstərilir ki, bölgələrin inkişafı və mütəxəssislərə olan tələbatı nəzərə alaraq regionlarda çoxprofilli kolleclər, təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə və orta ixtisas pillələri üzrə təhsil kompleksləri yaradılmalıdır.  


Bəs görəsən əmək bazarı tələblərinə uyğun peşə məktəbləri kadr və mütəxəssis hazırlığını təmin edirmi? Və ya bugünki peşə məktəblərinin maddi-texniki və tədris bazası buna imkan verirmi?
Xaricdə mütəxəssis hazırlığı üçün Dövlət Proqramına ayrılan milyonluq büdcənin yanında  kadr hazırlığı üçün yerli peşə məktəbləri və liseylərə ayrılan büdcə nə qədərdir? Əgər peşə məktəblərinə ayrılan vəsaitin ümumilikdə təhsilə ayrılan vəsaitin neçə faiz təşkil etdiyinə baxsaq görərik ki 2005-2009-cu illər ərzində rəqəmlər artan xəttlə getmiş və 2008-ci il üçün 22029.7 manat 2,3% və 2009-cu il üçün 26091,9 manat 1,9% olmuşdur.

Sovet dövründə orta təhsilini yarıda dayandıranlar üçün peşə təhsili məcburi idi. Bəs bugün müstəqil Azərbaycanda peşə təhsilinə olan maraq hansı vəziyyətdədir? Ümumilikdə situasiyanı xarakterizə etsək söyləmək olar ki, ümumi təhsil fonunda ilk peşə ixtisas təhsilinin vəziyyəti də ürək açan deyil. İlk öncə ictimaiyyətdə peşə məktəblərinə olan maraq azdır ki, bunun da səbəbi müəssisələrin özündədir. İlk öncə bu sahədə məktəblər arası rəqabətin yoxluğu prosesi maraqsız və monoton edir. Halbuki bu sahəyə də sahibkarlığın, özəl investisayının gətirilməsi prosesin canlanmasına səbəb ola bilər. Azərbaycanda Sənayenin İnkişafına dair “2015-2020- ci illər üçün Dövlət Proqramı”nda özəl peşə məktəbləri və liseylərin yaradılması öz əksini tapır ki bu da peşə məktəblərinin gələcəyi üçün əslində  ümidvericidir.

Hər kəs üçün yaxın olan “brend” anlayışı ilk peşə təhsili müəssisələrindən uzaqdır və nəticədə məktəbin özünə zərər vurmaqla məzununa da zərər vurmuş olur. Respublikada diplomlu məzunlar peşə təhsili alan attestatlı məzunlardan bir neçə addım öndədir ki bu da birbaşa həmin məzunlar üçün işsizlik və ümumilikdə digər problemləri yaradır.

Ümumiyyətlə Respublikada əmək bazarı, sahibkarlıq nə dərəcədə peşə məktəbi məzunlarına üstünlük verir? Neft ölkəsi kimi tanınan Azərbaycanda ali təhsilli mühəndislə yanaşı ilk peşə təhsili almış çilingər, qaynaqçıya da əmək bazarında maraq varmı? Əlbəttə yox. Nəzərə alsaq ki bugün 4 il ali təhsilini (vaxt, əmək və maliyyə sərf edərək) başqa bir ixtisas üzrə almış gənc məzun olduqdan sonra ixtisasına əks olaraq mühasib, maşinist, turizm obyektlərində xidmətçi və digər peşə bacarığı tələb edən sahələr üzrə çalışırsa onda nə üçün universitet oxunmalıdır  və peşə məktəbləri nə üçündür və ya əgər bazarda bu kimi iş yerləri varsa və tələbat da varsa peşə məktəbi məzunları niyə kənarda qalır? Əmək bazarı özü də özlüyündə peşə məktəbləri məzunlarının sonradan işçi olması stastistikasına mənfi təsirini göstərir. Belə ki, zavod və fabriklərin əksinə özəl sektorun geniş vüsət alması, istifadə olunan texnologiya, tələb olunan yüksək mütəxəssis bacarığı və s. bu baxımdan öz sözünü deyir.

Bugün ilk peşə təhsili müəssisələrinin aktuallığını itirməsi, təhsil sistemində məktəb və universitelərdən geridə olmasının çoxlu sayda səbəbi var ki, bunlardan bəziləri, həmin məktəblərin müəllim kadrosunun, tədris vəsaitlərinin, emalatxana,  maddi-texniki bazasının kasad olmasındadır. Həmçinin bazar, texnologiya və digər sahələr bu qədər irəlilədikcə həmin məktəblərin yenilənməyən və müasirləşməyən ixtisaslar üzrə, dərin  bilik və bacarıq tələb etməyən sahələr üzrə tədris proseslərini qurmalarındadır.

Halbuki universitet tələbəni akademik tərəfdən hazırlaşdırdığı kimi peşə məktəbləri də şagirdləri sırf peşə bacarıqları üzrə  hazırlaşdırır, cəmiyyətə potensial işçi kimi təqdim edir və ya etməlidir ancaq hal-hazırda bu heç də belə deyil.

Əlbətt də problem varsa çözümü də var. Ilk peşə ixtias təhsilinin keyfiyyəti üçün rəqabətliliklə yanaşı eyni zamanda “məktəbin içi” də - müəllim heyəti, texniki baza, şagirdlərə olan yanaşma üslubu, tədris vəsaitləri, zamanla ayaqlaşan ixtisas tədrisi və s kimi amillərə nəzər yetirilməlidir. Həmçinin əmək bazarı tələblərinin öyrənilməsi və bu tələblərə uğun birbaşa kadr hazırlığı da əsas prioritetlərdən olmalıdır. Təkcə dövlət qurumları deyil, QHTlər, digər təşkilatlar, biznes və peşə yönümlü təhsil və tədris müəssisələri, beynəlxlaq qurumlar, xaricdən olan bu yönümlü təhsil müəssisələri ilə olan əməkdaşlıqlar da işin canlanmasına imkan yaradacaqdır.

Təhsil biz insanlar üçün anladığımızdan belə daha vacib və önəmlidir. Və təhsilin təsiri olmadan heç vaxt yaxşı nəticələr əldə olunmur. Çarəmiz – təhsildədir!


Günel Abdullayeva

No comments:

Post a Comment